“Ağstafa Gəncləri”nin baş məşqçisi Əli Bağırov II Liqanın 12-ci turunda “Hypers”ə məğlub olduqları oyunu və komandanın qarşıdakı planlarını dəyərləndirdi.
1Sport.az-a açıqlama verən mütəxəssis heyət itkilərinin nəticəyə təsir etdiyini bildirsə də, bunu bəhanə kimi görmədiyini dedi:
“Hypers”lə qarşılaşmada heyətlə bağlı müəyyən problemlərlə üzləşdik. Bir neçə futbolçumuz vərəqə limitində olduğu üçün heyət seçimində çətinlik yarandı və bu amil oyunun gedişatına təsir göstərdi. Lakin futbolda belə hallar olur, bunu bəhanə kimi qəbul etmirik.
Qarşıda bizi “Dinamo” ilə çətin oyun gözləyir. Rəqibimizə hörmətlə yanaşırıq, amma əsas məqsədimiz öz oyunumuzu göstərmək və sona qədər mübarizə aparıb qələbə qazanmaqdır. Qarşıdakı matçlar asan olmayacaq, hər rəqibə ciddi yanaşmalıyıq. Bundan sonra bizim üçün hər xal və hər məşq böyük əhəmiyyət daşıyır.
Hədəfimiz mövsümün qalan hissəsində daha stabil oyun nümayiş etdirərək turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaqdır. Futbolçulardan məşqlərdə maksimum diqqət, meydanda isə nizam-intizam tələb edirəm. Bu kollektivin potensialı daha yüksək nəticələr əldə etməyə imkan verir. II Liqada bəlkə də yeganə komandayıq ki, heyətimizin 95 faizi yerli – ağstafalı futbolçulardan ibarətdir”.

