Azərbaycan futbolunda qalmaqallı oyun: AFFA 9 nəfəri cəzalandırdı

AFFA U-17 Liqasında keçirilən “Araz-Naxçıvan” – “European FA” qarşılaşmasından sonra hər iki komandanın futbolçuları və qonaqların baş məşqçisi cəzaya məruz qalıb.

1Sport.az xəbər verir ki, İntizam Komitəsi noyabrın 21-də baş tutan matçda qeydə alınan hadisələrlə bağlı qərarlarını açıqlayıb.

“Araz-Naxçıvan”ın üzvləri Novruz Novruzlu və Hüseyn Hüseynli rəqib oyunçuya zərbə endirdiklərinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə alıblar. “European FA”nın üzvü Məhəmməd Cəfərli də eyni səbəbdən meydandan qovulub. Hər üç futbolçu İntizam Məcəlləsinin 45.1-ci maddəsinə əsasən 3 oyunluq cəzalandırılıb.

Dava hadisəsinə qarışdıqları üçün meydan sahiblərinin oyunçuları Amil Ağayev və Ramal Qədəşiyev, qonaqların üzvləri Natiq Allahverdiyev və Rizvan Ağasənov isə 4 matçı buraxacaqlar. Bu sanksiyalar 48.2-ci maddəyə əsasən tətbiq edilib.

Qarşılaşmanın 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alan Amir Məmmədov da növbəti matçda komandasına kömək edə bilməyəcək. “European FA”nın 4 nömrəli futbolçusu İntizam Məcəlləsinin 17.5-ci maddəsinə əsasən bir oyunluq cəza alıb.

Matçdan sonra hakimlərə qarşı qeyri-etik ifadələr işlədən qonaqların baş məşqçisi Sənan Hüseynli isə 52.4-cü maddəyə əsasən 5 oyunluq cəzalandırılıb.

0
🖨 Çap et ⚑ Şikayət et