Hakimlər meydanda qışqırır, AFFA hesabı qarışdırır- YAZI

Azərbaycanın U-21 millisinin Oman U-23 yığması ilə keçirdiyi yoxlama oyununda AFFA-nın təşkilatçılığı ciddi suallar doğurub.

Qarşılaşmada hakimlərin normal fəaliyyət göstərməsi üçün zəruri olan rabitə avadanlıqları təmin edilməyib.

Oyunu stadiondan izləyən əməkdaşımızın məlumatına görə, hakimlər briqadasının ixtiyarında qulaqlıq və mikrofon yoxdur. Nəticədə referilər qərarlarını bir-birlərinə qışqıraraq çatdırmaq məcburiyyətində qalıblar.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada bu çatışmazlıq bir neçə dəfə özünü göstərib. Yan xətt hakimləri oyundankənar vəziyyət qeydə alsalar da, baş hakim onların qərarlarını eşitməyərək oyunu davam etdirib. Yalnız müəyyən müddət keçdikdən sonra köməkçilərinin işarələrindən xəbər tutub.

Bu, milli komandalar səviyyəsində keçirilən oyunun təşkilinə göstərilən münasibətin bariz nümunəsidir.

AFFA-nın təşkilatçılıq sahəsindəki problemləri bununla da bitməyib. Federasiyanın rəsmi saytında qarşılaşmanın hesabı da yanlış göstərilib.

Belə ki, meydanda hesab 1:1 olduğu halda, AFFA-nın saytında Azərbaycan millisinin 1:0 hesabı ilə öndə olduğu qeyd edilib. Halbuki qarşılaşmada hesabı açan tərəf Oman yığması olub.

Ortaya haqlı sual çıxır: AFFA nəinki meydandakı hakimləri normal rabitə vasitələri ilə təmin edə bilir, hətta öz millisinin oyununda hesabın neçə olduğunu da düzgün göstərməyi bacarmır?

Söhbət hansısa həvəskar turnirdən yox, Azərbaycanın gənclər millisinin beynəlxalq yoxlama görüşündən gedir. Belə qarşılaşmalarda təşkilati məsələlərin əvvəlcədən həll olunması, hakimlərin iş şəraitinin təmin edilməsi və ictimaiyyətə düzgün məlumat çatdırılması federasiyanın ən elementar vəzifələrindəndir.

Hakimlərin meydanda bir-birinə qışqıraraq qərar çatdırması, oyundankənar vəziyyətlərin gec qeydə alınması, üstəlik, rəsmi saytda hesabın səhv göstərilməsi AFFA-nın təşkilati işinə nə dərəcədə ciddi yanaşdığını sual altına qoyur.

Azərbaycan futbolunun inkişafından danışan qurum əvvəlcə bir yoxlama matçını problemsiz təşkil etməyi və hesabı düzgün yazmağı bacarmalıdır.

AFFA rəhbərliyi bu cür hallara görə məsuliyyət daşıyan şəxslərdən izahat tələb etməli, yol verilən nöqsanların səbəblərini ictimaiyyətə açıqlamalıdır. Çünki milli komandanın oyununda bu qədər elementar məsələlərin problemə çevrilməsi Azərbaycan futbolunun adına yaraşmır.

0
🖨 Çap et ⚑ Şikayət et