Azərbaycan Olimpiya Oyunlarını 13-cü sırada tamamladı

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına yekun vurulub.

1Sport.az xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da Oyunların bağlanış mərasimi təşkil olunub. Tədbir açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb. Ardından digər ölkələrin idmançıları ilə birlikdə Azərbaycan təmsilçiləri də paraddan keçiblər. Gender bərabərliyi prinsipinə əsasən, üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları – boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar.

Mərasimdə Dakar-2026 Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri çıxış edərək yarışların Afrika qitəsində ilk dəfə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb, könüllülərə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra BOK-un rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib.

Xatırladaq ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası ölkəmizə 3 qızıl və 3 gümüş medalla qayıdıb. Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), həmçinin çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Bu nəticə ilə Azərbaycan yığması ümumi medal sıralamasında 13-cü yeri tutub. Siyahıya 18 qızıl, 8 gümüş və 7 bürünc medalla Çin Xalq Respublikası başçılıq edib. Yaponiya komandası (11 qızıl, 8 gümüş, 9 bürünc) ikinci, Rusiya yığması isə (8 qızıl, 4 gümüş, 2 bürünc) üçüncü olub.


0
🖨 Çap et ⚑ Şikayət et