"Şirvan"ın baş məşqçisinin "Qaradağ Lökbatan" planı- AÇIQLAMA

II Liqanın 11-ci turunda "Şirvan" səfərdə "Ağdaş"a 5:0 hesabı ilə qalib gəldi.

1Sport.az-a açıqlama verən "Şirvan"ın baş məşqçisi Pərviz Bayramov qələbəni şərh etdi:

"Bu oyunda xal itirmək planımızda yox idi. Məqsədimiz ilk dəqiqələrdə fərqlənmək idi və bunu bacardıq. Çünki "Ağdaş" kimi rəqiblərə erkən qol vurmadıqda onlar təzyiqi artırırlar. Futbolçularımı təbrik edirəm, meydanda əzmkarlıq göstərdilər. Heyətimizin geniş olmaması bu uzun marafonda bizə müəyyən problemlər yaradır. İki futbolçumuz çiynindən zədələnən Mehman Məsimovla ayağı sınan Comərd Bəxşəliyev sıradan çıxıb. Çempionatın gedişində zədəli və cəzalılarımız da olur. Məsələn, əvvəlki turda "Marafon"la görüşdə 5 oyunçumuzun xidmətindən məhrum idik. Lakin bu, futboldur və belə hallara hazır olmalıyıq".

Baş məşqçi növbəti turda turnirin lideri "Qaradağ Lökbatan"a qarşı keçirəcəkləri oyun barədə də danışdı:

"Rəqibin necə komanda olduğunu yaxşı bilirik. İlk dövrədə tam heyətlə oynayanda onlara qalib gəlmişdik. İndi isə öz azarkeşlərimiz önündə meydana çıxacağıq. İtkilərimizin olmasına baxmayaraq, sona qədər mübarizə aparacağıq. Liderdən uzaq düşməmək üçün bu görüşdə mütləq məğlub olmamalıyıq. Çətin və ağır rəqibdir, "Qaradağ Lökbatan"a da uğurlar arzulayıram".

+1
🖨 Çap et ⚑ Şikayət et