"Oyunçularımız sanki bura istirahətə gəldiklərini düşünürdülər"- "Neftçi"nin baş məşqçisi

​“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda “VEF Riga”ya qarşı keçirilən matçla bağlı fikirlərini bölüşüb.

​1Sport.az xəbər verir ki, yunanıstanlı mütəxəssis yetirmələrinin oyunundan narazı qaldığını bildirib:

​“Bu oyun bizim üçün böyük dərs oldu. Oyunçularımız sanki bura istirahətə gəldiklərini düşünürdülər. Görüşə enerjisiz, mübarizə aparmaq istəyi olmadan başladılar. Riqa komandası isə müdafiədə çox sərt oyun sərgilədi. Onlar topa güclü təzyiq göstərdilər və bizə heç bir boş imkan vermədilər. Topu düzgün hərəkət etdirə bilmədiyimiz üçün atışlar etməkdə çətinlik çəkdik. Çoxlu səhvlərə yol verdik və bütün bunlar diqqət, konsentrasiya çatışmazlığından irəli gəlirdi.

​Əgər FIBA Avropa Kuboku kimi yüksək səviyyəli yarışlarda çıxış etmək istəyirsənsə, hər gün, hər an, hər dəqiqə 100 faiz hazır olmalısan. Oynamaq, mübarizə aparmaq və hər epizodda qalib gəlmək istəyin yoxdursa, yüksək standartlara malik belə komandalarla rəqabət aparmaq mümkün deyil. Bu baxımdan qarşılaşma bizim üçün çox böyük dərs oldu.

​Əlbəttə, bu oyun həm də gənc, yerli basketbolçularımıza belə yüksək səviyyəli komandaya qarşı oynamaq imkanı yaratdı. Düşünürəm ki, onlar legionerlərimizdən daha yaxşı çıxış etdilər. Topu hərəkət etdirməyə, müdafiədə rəqibə təzyiq göstərməyə çalışdılar. Onların çıxışından çox razıyam. Amma artıq sabahdan etibarən bizim üçün çox vacib olan növbəti matça hazırlaşmağa başlayacağıq. Müsbət məqam odur ki, bütün oyunçularımızın vəziyyəti yaxşıdır. Bazar günü “Naxçıvan” komandasına qarşı keçirəcəyimiz oyuna ciddi şəkildə hazırlaşacağıq”.

0
🖨 Çap et ⚑ Şikayət et