“Təəssüf ki, müdafiədə çox zəif çıxış etdik və istədiyimiz səviyyədə oynaya bilmədik. Yekun nəticədə yaranan fərq məhz bununla bağlıdır. İlk növbədə, nəzərə almaq lazımdır ki, üç gün ərzində ikinci oyunumuza çıxmışdıq. Yorğunluq da hiss olunurdu”.
1Sport.az xəbər verir ki, bu sözləri qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İoannis Diamantakos Avropa çempionatının seçmə mərhələsində İrlandiyaya məğlubiyyətdən (73:91) sonra deyib.
Yunanıstanlı mütəxəssis komandadakı təcrübə çatışmazlığına da toxunub:
“Komandamızda beynəlxalq təcrübə çatışmazlığı da özünü büruzə verdi. Düşünürəm ki, zamanla bu problemləri aradan qaldıracağıq. Hazırda bütün diqqətimizi İslandiya ilə matça yönəltməliyik”.
Xatırladaq ki, yığmamız qrupdakı ilk görüşündə İsveçrəyə 33:84 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 17-də səfərdə İslandiya yığmasına qarşı keçirəcək. Hafnarfyordur şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

