II Liqanın 11-ci turunda “Ağstafa Gəncləri” “Difai”yə 3:0 hesabı ilə qalib gəldi.
1Sport.az-a açıqlama verən meydan sahiblərinin baş məşqçisi Əli Bayramov qələbəni şərh etdi:
"Difai” ilə qarşılaşma bizim üçün kifayət qədər məsuliyyətli və çətin oyun oldu. Futbolçularımız meydanda xarakter, mübarizə əzmi və komanda ruhu nümayiş etdirərək qələbə qazandılar. Bu nəticənin əsas səbəbi oyunçularımızın intizamlı çıxışı, kollektiv şəkildə mübarizə aparması və verilən tapşırıqları yerinə yetirməyə çalışması oldu. Mənim üçün bu qələbə yalnız 3 xal demək deyil, həm də komandanın inkişaf etdiyini və düzgün istiqamətdə addımladığını göstərir. Lakin arxayınlaşmaq üçün heç bir səbəb yoxdur, hər qələbədən sonra daha çox çalışmaq lazımdır".
Baş məşqçi növbəti turda "Hypers"lə keçiriləcək görüşdən, komandanın hədəflərindən və azarkeş dəstəyindən də danışdı:
"Qarşıda bizi çətin matç gözləyir. Rəqibə hörmətlə yanaşır və oyuna ciddi hazırlaşacağıq. Onların son görüşünü təhlil edib, məşqlərimizdə taktiki və fiziki hazırlığa xüsusi diqqət yetirəcəyik. Gözləntimiz meydanda sona qədər mübarizə aparan, inanan və tam bir komanda kimi çıxış edən “Ağstafa Gəncləri”ni görməkdir. Məqsədimiz hər oyunda maksimum nəticə qazanmaqdır və bunun üzərində çox işləyirik. Sonda futbolçularıma, bizə dəstək olan rəhbərliyə və hər zaman yanımızda dayanan bütün Ağstafa futbolsevərlərinə təşəkkür edirəm. Biz bu komandanı təkcə bu gün üçün deyil, gələcək üçün qururuq. Qarşıda daha çətin oyunlar var və bu sınaqlara hazır olmalıyıq".

