Azərbaycan millisi rüsvayçı vəziyyətdədir.
Andorra üzərində qələbəni fövqəladə bir hadisəyə çevirmək, Lixtenşteynə qalib gəlməyi təkrarolunmaz bir uğur kimi təqdim etmək, D Liqasında qitənin ən zəif yığmalarının qərarlaşdığı qrupu lider başa vurmağı xalqa böyük bir nəticə adı ilə sırımaq azmış kimi indi də Şahruddin Məhəmmədəliyev azerisport.com-a müsahibəsində çıxıb deyir ki, "biz pley-off-a top fərqinə görə gedildiyini bilmirdik. Yoxsa Lixtenşteynə daha çox qol vurardıq".
AFFA-nın iç üzünü bundan artıq hansısa cümlə ilə ifadə etmək olmazdı. Qurum rəhbərliyi jurnalistlərin fikirlərini hər vəcdlə təkzib edir. Bəs Şahruddinin onların səriştəsizliyini ifşa edən sözlərinə nə cavab verəcəklər?! Qapıçı ki, onlarla eyni cəbhədə dayanan şəxsdir. Məhəmmədəliyev digər cümləsində isə xallar bərabər olduqda reytinqdə üstün olan millinin pley-off-a yollanacağını düşündüyünü, qaydalarda bəzi dəyişikliklərdən xəbərsiz olduğunu bildirib.
Oyunçu iştirak etdiyi turnirin reqlamentini necə bilməz axı? Yaxşı, deyək ki, futbolçu bilmir. Bəs komandanın məşqçilər korpusu hara baxır? Turnir başlayanda AFFA rəhbərliyi yenilikləri təhlil edib baş məşqçinin, futbolçuların, kollektivin önünə konkret hədəf qoymurmu? Bu insanlar stadiona məqsədsizmi çıxır? Yığmanın Lixtenşteynə ən azı dörd-beş cavabsız qol vurması üçün hansısa meyar dəyişikliyinə gərək olmamalıdır. Bu hər şeydən öncə futbolçuların borcudu. Digər bir rəzalət isə Maltanı qabaqlaya bilməməsidir və nəticənin məlumatsızlıqla əlaqələndirilməsi xalqı ələ salmaqdır.
AFFA rəhbərliyi indiki halda ya bacarıqsızlığını boynuna alaraq sakitcə istefa verməli, ya da xalqdan üzr istəməlidir. Çünki millinin Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazanması üçün bir də belə real şansının olması möcüzəyə bərabərdir. Azarkeşlərin açıq formada hissləri ilə oynamaq və media önündə rahatca səsləndirmək artıq özbaşınalığın pik həddidir.

