"Əsas məqsədimiz komandanın Xankəndiyə köçməsidir"- Röyal Nəcəfov

“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov I Liqanın VIII turunda “Karvan-Yevlax”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşdü.

1Sport.az xəbər verir ki, mütəxəssis fərdi səhvlərin məğlubiyyətdə əsas rol oynadığını və komandada eyni üslublu oyunçuların çoxluğunun problem yaratdığını dedi:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü komandadır və oyun çox ağır keçdi. Fərdi səhvlərdən qol buraxdıq. Ümumilikdə futbolçularıma göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Xankəndi yüksəklikdə yerləşdiyi üçün istər-istəməz oyunçulara təsir edir. Biz rəqibdən daha əvvəl burada olduğumuz üçün bu amil bizə nisbətən az təsir göstərdi. Rəqib yenidən Premyer Liqaya qayıtmaq üçün mübarizə aparan kollektivdir. Bizim komandada futbolçuların birlikdə yanlış təlim-məşq toplanışı keçməsi 60-70-ci dəqiqələrdən sonra özünü ciddi şəkildə büruzə verir. Ehtiyat oyunçular skamyamız kasad olduğu üçün daha yaxşı əvəzetmələr edə bilmədik”.

Nəcəfov qış transfer pəncərəsində heyətin gücləndiriləcəyinə ümid etdiyini və komandanın tam şəkildə Xankəndiyə köçməsinin əsas hədəf olduğunu vurğuladı:

“Bu komandada ən böyük problem oyun stili bir-birinə oxşar futbolçuların çoxluğudur. Qış transfer pəncərəsində yeni oyunçuların komandaya gələcəyinə ümid edirik. Əsas məqsədimiz komandanın buraya, yəni Xankəndiyə köçməsidir. Rəhbərlik də bu yöndə işlər görür”.

0
🖨 Çap et ⚑ Şikayət et