Azərbaycanın karate üzrə milli komandası Çində təşkil olunacaq Dünya Kubokunda qüvvəsini sınayacaq.
1Sport.az xəbər verir ki, noyabrın 20-22-də Hançjou şəhərində keçiriləcək turnirə Dünya Karate Federasiyasının (WKF) üzvlərindən 42 ölkə qatılacaq.
400-dək idmançının çıxış edəcəyi birincilikdə ölkəmiz kişilərin komanda kata və qadınların komanda kumite növlərində təmsil olunacaq.
Kişi kataçılarımız B qrupunda Türkiyə, Kolumbiya, Mərakeş və Honkonqla qarşılaşacaqlar.
Qadın kumiteçilərimiz isə D qrupunda Yaponiya, Meksika, Almaniya və Əlcəzair seçmələri ilə üz-üzə gələcəklər.
Reqlamentə uyğun olaraq, qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Noyabrın 20-21-də qrup və pley-off mərhələsinin matçları, noyabrın 22-də isə medal görüşləri baş tutacaq.
Xatırladaq ki, milli komandalar arasında Dünya Kuboku tarixdə ikinci dəfə keçiriləcək.

