İcra başçısından "Qarabağ"la oyundan öncə "Kəpəz"ə dəstək

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın məsul əməkdaşları Gəncə Şəhər Stadionunda “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında olublar.

1Sport.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Əvvəlcə şəhər rəhbəri Məşq Mərkəzi və Futbol Akademiyasında futbolçular üçün yaradılan şəraitlə tanış olub. “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev görülən işlər, həyata keçirilən layihələr və klubun gələcək planları barədə məlumat verib.

Daha sonra Niyazi Bayramov Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında məşq edən “Kəpəz”in futbolçuları ilə görüşüb.

İcra başçısı Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də doğma meydanda “Qarabağ”la qarşılaşacaq komandaya uğurlar arzulayıb, futbolçulara inamını ifadə edib.

Niyazi Bayramov çıxışı zamanı bildirib:

“Sizi bu həftəsonu çox çətin oyun gözləyir. Hamımız bu görüşə gəlib komandamızı sonadək dəstəkləyəcəyik. Ümumiyyətlə, şəhər rəhbərliyi “Kəpəz”in bütün oyunlarını tribunadan izləyir, Gəncəmizin fəxri olan klubumuzu uğur qazanmağa səsləyir. İnanıram ki, “Qarabağ”la matçda qalib gəlib azarkeşləri sevindirəcəksiniz. Sizə uğurlar arzulayıram!”

Anar Abdullayev göstərilən diqqət və dəstəyə görə Niyazi Bayramova minnətdarlığını bildirib:

“Sizin klubumuza baş çəkməyiniz, komandaya dəstək verməyiniz bizim üçün çox xoşdur. Bu, məsul oyun ərəfəsində futbolçularımıza xüsusi motivasiya verir. Həm “Qarabağ”la oyunda, həm də çempionatın qalan görüşlərində uğurlu nəticələr qazanmaq, Gəncəni layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Klubumuza göstərdiyiniz diqqətə görə “Kəpəz” ailəsi adından sizə təşəkkürümüzü bildiririk”.

Niyazi Bayramov komandanın məşq prosesini izləyib, klubun rəhbər heyəti ilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Sonda klub tərəfindən şəhər rəhbərinə hədiyyə təqdim edilib, xatirə şəkli çəkdirilib.

0
🖨 Çap et ⚑ Şikayət et