"Premyer Liqaya yüksəlmək istəyirik"- Ramiz Məmmədov

​“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov I Liqanın VIII turunda səfərdə “Xankəndi”ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra fikirlərini bölüşdü.

​1Sport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu görüşün bütün ölkə üçün xüsusi əhəmiyyət daşıdığını və stadionda əsl bayram ab-havasının hökm sürdüyünü dedi:

​“Bu gün Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Stadionda əsl bayram ab-havası var idi. Bu görüş bütün Azərbaycan üçün önəmli bir matç idi. “Xankəndi” klubuna uğurlar arzu edirəm”.

​Məmmədov yüksəklik amilinin oyunçulara çətinlik yaratmasına baxmayaraq, yetirmələrinin verilən tapşırıqları dəqiq yerinə yetirdiyini və əsas hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu vurğuladı:

​“Oyunçularıma təşəkkür edirəm. Bütün heyət üzvləri verilən tapşırıqları dəqiq yerinə yetirdi. Digər rəqiblərimizə baxanda komandamız bir az gec toplandı. Lakin yenə də layiqli mübarizə apararaq Premyer Liqaya yüksəlmək istəyirik. Xankəndi yüksəklikdə yerləşdiyi üçün futbolçuların nəfəsi çatmır, bəzi anlarda oyunçular boğulurdular. Bu stadionda oynamaq digər komandalar üçün də çətin olacaq”.

0
🖨 Çap et ⚑ Şikayət et