II Liqanın 11-ci turunda "Ağdaş" öz meydanında "Şirvan"a 0:5 hesabı ilə məğlub oldu.
1Sport.az-a açıqlama verən bölgə təmsilçisinin baş məşqçisi Aqil Mirzəyev əvvəlcə klubun ümumi vəziyyətindən danışdı:
"Futbol ictimaiyyəti də, II Liqanı izləyənlər də "Ağdaş"ın artıq 4 ildir hansı çətin şəraitdə mübarizə apardığını yaxşı bilirlər. Biz oyundan-oyuna yığışan komandayıq, mən özüm də futbolçuları yalnız matç günləri görürəm. Mərhum klub prezidentimiz mənə qardaş kimi əziz idi və bu komanda bizə ondan əmanətdir. 3 il bu əmanəti qoruyub saxlaya bildik, 4-cü mövsümdə də əzmkarlıq və uşaqların xarakteri hesabına mübarizəmizi davam etdiririk. Lakin bu il işimiz daha çətindir. Əvvəllər liqadakı 12 klubdan 4-5-i hazırlıqlı olurdusa, indi 8-9 kollektiv bir yerdə məşq edir. Keyfiyyət baxımından heç kimdən geri qalmırıq, sadəcə məşqsizlik və fiziki hazırlığın çatışmaması bizə mane olur".
Mütəxəssis "Şirvan"la görüşü və hakim idarəçiliyini də şərh etdi:
"Şirvan"ı təbrik edirəm, ağır yağışlı havada və təbii meydançada əziyyət çəkib qələbə qazandılar. Amma hesab oyuna görə olmadı. Xüsusilə matçın 2-ci yarısında rəqibdən heç bir halda geri qalmadıq. Sadəcə ilk hissədə sonlarında hakimin kobud səhvi nəticəsində rəqib açıq-aşkar əllə qapımıza yol tapdı. Bizim kimi klublar üçün xırda detallar belə nəticəyə birbaşa təsir edir. Fasilədən sonra öz meydanımızda oynadığımız üçün irəli atıldıq ki, heç olmasa bir qol vurub meydanı başıdik tərk edək. Bu zaman isə məşqsizlik öz sözünü dedi və fiziki yorğunluq fonunda qapımızda daha çox top gördük. Təəssüf ki, uşaq futbolunun təcrübəsiz hakimlərini təcrübə toplamaq üçün II Liqaya göndərirlər. Onlar da "bu komandanın yiyəsi yoxdur, etiraz edən olmayacaq" düşüncəsi ilə qərarlar verirlər. Halbuki burada qazanılan bir xal belə mövsümün sonunda kollektivin liqada qalmaq və ya çempionluq taleyini həll edə bilər".
Mirzəyev növbəti turda "Şəmkir"lə keçiriləcək səfər matçına da toxundu:
"Ayın 23-də səfərdə "Şəmkir"lə qarşılaşacağıq. Rəqib son 4-5 turda uduzsa da, maddi imkan və şərait baxımından bizdən üstündür. Yenə də oyun günü bir araya gələcəyik, uşaqları motivasiya etməyə çalışacağam. Çempionatda qalmaq üçün bu görüşdə də xal və ya xallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Ağdaş" 12-ci turda səfərdə "Şəmkir"in qonağı olacaq.

