Xankəndi AFFA üçün əhəmiyyətsizdir?- KÖŞƏ

Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib.

I Liqanın VIII turunda “Xankəndi” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Gənclər və İdman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də futbol və idman ictimaiyyətinin nümayəndələri tribunadan izləyiblər.

Bura qədər olan hissə Gənclər və İdman Nazirliyinin rəsmi paylaşımında yer alan məlumatdır. Fikir verdiniz? Siyahıda AFFA-nın adı yoxdur! Azərbaycan futbolunu idarə edən qurumun rəhbərliyindən heç kim Xankəndidəki ilk rəsmi oyuna qatılmayıb. Sanki bu şəhərdə keçirilən qarşılaşma AFFA-nın işi deyil, Azərbaycan futboluna aidiyyəti yoxdur.

Vallah, özümüzü yalandan yoruruq. Bu AFFA rəhbərliyi futbolun inkişafı üçün heç nə etmir, bundan sonra da edəcəyi görünmür. Cahangir Fərəcullayev və ətrafı ölkə futbolunu iflic vəziyyətə salıb. İndi ortaya bir sual çıxır. Görəsən, bu şəhər federasiyanın Azərbaycan futbolu ilə bağlı planlarında ümumiyyətlə var?

Təsəvvür edin, nazirin, dövlət rəsmilərinin iştirak etdiyi oyunda AFFA-nı yalnız Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təmsil edirdi. Bir də Futbolun İnkişafı Fondunun rəhbəri Tural Piriyev var idi. Bəs federasiyanın rəhbərliyi harada idi?

Yox eee, hanı bu qurumun vitse-prezidentləri? Hanı baş katib? Bəs milli komandaların səfərlərində onun ətrafında sıra ilə düzülən müavinlər, müşavirlər haradadır? Nə işlə məşğuldurlar? Vəzifələrinin nədən ibarət olduğunu bilirlərmi? Bu adamlar öz işlərini niyə icra etmirlər?

Xankəndiyə rəsmi nümayəndə göndərməmək biabırçılıq yox e, UTANCDIR! Sonra da çıxıb futbolun inkişafından, strategiyadan, görülən işlərdən danışırlar. Hələ Cahangir Fərəcullayev Andorrada bəh-bəhlə deyir ki, dövlət maliyyəni kəssə, futbolumuzun durumu daha da pis vəziyyətə düşər! Hörmətli baş katib, dövlətin ayırdığı vəsaitdən danışmazdan əvvəl öz fəaliyyətinizə nəzər salın. Çünki Azərbaycan futboluna sizin fəaliyyətsizliyiniz qədər zərbə vuran ikinci bir şəxs yoxdur. Xankəndidəki mənzərə də bunun növbəti sübutudur.

0
🖨 Çap et ⚑ Şikayət et