Misli Premyer Liqasının 13-cü turunda "Zirə" səfərdə "Neftçi"yə məğlub oldu - 0:1.
1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Oyun bizim üçün uğursuz başladı. Halbuki həftəboyu oyuna hazırlaşanda rəqibin pressinq tətbiq edəcəyini bilirdik, futbolçulara sadə oynamaq və səhv etməmək tapşırığı vermişdik. 15-20 dəqiqə ərzində ərazi üstünlüyünü ələ almışdıq, təhlükəli qol epizodlarımız yox idi, amma üstünlük bizdə idi. Rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futbolçulardan razı qaldım. Çempionatın favoritinə qarşı səfərdə oynayırdıq. "Neftçi"nin səviyyəsini bilirik. Bu şəkildə davam etsək, zədəlilər də geri dönsə, daha güclü olacağıq. Bizdə vinger qıtlığı var. Hazırda Eren, Kris və Smitt perspektivli oyunçulardır, onları gələcək üçün almışıq. Məcburiyyətdən rotasiyalar edirik. Amin və Qisməti cinah müdafiəçiləri, Leqbo və Ereni vinger kimi oynatmağı planlaşdırırıq. Leqbo hücumlarda yaxşı idi, Finlandiyada məhsuldar ötürmələri çox olub, 14-15 qol vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Bu tip oyunları udmaq, qələbələr qazanmaq üçün ön xətdə nəticəni həll edəcək oyunçular var. Oyundan sonra Yuri Vernidubla yaşananlara gəlincə, barmaq silkələməyim yadımda deyil. Ona dedim ki, artıq kəlmələr çox danışırsınız, "Neftçi"dəsiniz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur. Ötən oyunda da çox artıq sözlər demişdi. Sadəcə "Neftçi"yə olan hörmətdən danışmırıq. Bəzi açıqlamaları, kəlmələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçə-keçə çox danışırdı. Desəm, deyəcək sənə demirdim, amma 2 metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var, çünki "Neftçi"dəsiniz, bu klubda kim işləsə, ona hörmətlə yanaşacağıq. Rəqib futbolçuların qələbəni xüsusi qeyd etmələrini isə görmədim. Biz də futbolçu olmuşuq, məğlub olduğun komandanı istəklə gözləyirsən, udmaq istəyirsən. Başa düşürdük ki, "Neftçi" bu gün qalib gəlsə, qış fasiləsinə çempion kimi gedə bilərdi. Futbolçularda hörmətsizlik görmədim".

