Misli Premyer Liqasının 12-ci turunda "Şəfa" doğma meydanda "Qəbələ"yə məğlub oldu - 0:2.
1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Zaur Həşimov iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Oyunla bağlı ətraflı danışmağa ehtiyac yoxdur. 59-cu dəqiqədə qol vurulana qədər demək olar ki, rəqibin real epizodu yox idi. Lakin ilk fürsətdən istifadə edib hesabı açdılar. Bundan sonra irəli atılacağımız və rəqibin əks-hücumlarda oynayacağı gözlənilən idi. Məhz belə epizodların birində yol verdiyimiz kritik səhvdən sonra ikinci qolu vurdular və qələbə qazandılar. Açığı, artıq "qara zolaq"dan çıxdığımızı düşünürdük, amma bugünkü məğlubiyyət üzərimizdəki təzyiqi və gərginliyi daha da artırdı. Şikayət etməyi sevmirəm, amma görürsünüz ki, bu gün hücumçu mövqeyində konkret çətinliklərimiz var. Komandada yeganə nominal hücumçu Filip idi. Lakin o da gələndən sonra ciddi zədə aldı və altı ay müddətinə yaşıl meydanlardan uzaq qaldı. Əlimizdən gələni edirik ki, bu vəziyyətdən çıxaq. Bu gün bütün məsuliyyəti öz üzərimə götürürəm, amma bu işdə tək olmamalıyam. Bu vəziyyətdən çıxmaq üçün həm rəhbərlik, həm futbolçular, həm də mən kollektiv şəkildə konkret addımlar atmalıyıq".

