Misli Premyer Liqasının 12-ci turunda "İmişli" "Zirə" ilə heç-heçə etdi - 2:2.
1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ervins Perkons iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"İki fərqli hissə oldu. İlk yarı istədiyimiz kimi olmadı. Hücumda təzyiq göstərə bilmədik. Oyunçular üzərlərinə düşən fiziki tapşırığı tam yerinə yetirə bilmədilər. Taktiki səhvlər də var idi. İkinci hissə daha yaxşı idik. Sonradan meydana girən futbolçular oyunumuza güc qatdılar. Taktiki düzülüşü dəyişdik. Onların sayəsində daha yaxşı oynadıq. Hesabda geridə olanda ruhdan düşmədik. Bilirdik ki, qol vura bilərik. Hamı buna inanırdı. Buna görə də qol vurduq. Minimum 1 xal qazanmağa layiq idik. Təbii ki, məqsədimiz 3 xal qazanmaq idi. Amma oyunun gedişatına görə 1 xal da pis nəticə deyil".

