Boks üzrə Azərbaycan millisinin dörd üzvü bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq. Təmsilçilərimiz həlledici mərhələyə yüksəlmək və ən azı gümüş medalı təmin etmək uğrunda mübarizə aparacaqlar.
1Sport.az xəbər verir ki, 1/4 final mərhələsinin son günündə Bilalhəbaşi Nəzərov (50 kq) və Zidan Hünbətov (55 kq) da qələbə qazanaraq yarımfinala vəsiqə əldə ediblər.
İkiqat Avropa çempionu Bilalhəbaşi Nəzərov çexiyalı Filip Horvatı hakimlərin yekdil qərarı ilə 5:0 hesabında məğlub edib. O, bu gün finala yüksəlmək üçün israilli David Zaxari ilə qarşılaşacaq.
Zidan Hünbətov isə serbiyalı Nikola Maksimoviç üzərində eyni hesabla qələbə qazanıb. Azərbaycanlı boksçunun yarımfinaldakı rəqibi fransalı Kristofer İppokrat olacaq.
Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala yüksəlməyi bacarıblar.
Beləliklə, Azərbaycan millisinin dörd boksçusu özləri üçün ən azı bürünc medalı təmin edib. Bu gün keçiriləcək qarşılaşmaların qalibləri qızıl medal uğrunda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, U-23 Avropa çempionatının final döyüşləri noyabrın 24-də keçiriləcək.

