Millimizin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Malişeva” Kosovo Superliqasında növbəti oyununu keçirib.
1Sport.az xəbər verir ki, komanda 14-cü turda “Dukaqini”ni qəbul edib.
Qonaqlar 15-ci dəqiqədə Dienit İsufinin qolu ilə hesabı açıblar. Lakin ikinci yarıda “Malişeva” geridönüş etməyi bacarıb. Əvvəlcə Kreşnik Uka 63-cü dəqiqədə oyuna tarazlıq gətirib. Dreni Kryeziu isə 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək meydan sahiblərinə qələbə qazandırıb.
Vüsal İsgəndərli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Bu nəticədən sonra “Malişeva” 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Priştina”dan beş xal geri qalır. “Dukaqini” isə 18 xalla altıncı yerdədir.

