AFFA Millətlər Liqası çərçivəsində baş tutan Ermənistan – Kipr matçındakı təxribatla bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb.
1Sport.az xəbər verir ki, noyabrın 12-də keçirilən görüşdə tribunalarda ölkəmizin ərazisində mövcud olmuş keçmiş qondarma separatçı rejimin bayrağının nümayiş etdirilməsi qurumun kəskin etirazına səbəb olub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayevin imzaladığı məktubda bu cür siyasi və provokativ addımların UEFA qaydalarına zidd olduğu xatırladılıb. Qurum UEFA-nı təxribatı dərhal araşdırmağa, günahkarları cəzalandırmağa və gələcəkdə belə halların qarşısını almaq üçün ciddi intizam tədbirləri görməyə çağırıb.

