“Cüdo bizə yad deyil!”– Azərbaycan Cüdo Federasiyasından yeni layihə

Azərbaycan Cüdo Federasiyası bu idman növünün fəlsəfəsini və milli dəyərlərlə bağlılığını əks etdirən yeni imic filmini ictimaiyyətə təqdim edib.

1Sport.az xəbər verir ki, “Cüdo bizə yad deyil!” adlanan layihənin əsas məqsədi cüdonu daha geniş auditoriyaya tanıtmaq və onun aşıladığı prinsipləri təbliğ etməkdir.

Filmdə hörmət, nəzakət, dostluq, cəsarət, təvazökarlıq və özünə nəzarət kimi dəyərlərin gündəlik həyatımızdakı təzahürləri göstərilir. Musiqiçinin tamaşaçılara ehtiramı, uşaqların bir-birinə dəstəyi və çətin anlarda təmkinli davranış tatamidə formalaşan münasibətlərlə əlaqələndirilir. Milli musiqi elementlərinin müşayiət etdiyi səhnələr cüdonun prinsiplərinin Azərbaycan mədəniyyətinə yad olmadığını ön plana çıxarır.

Layihədə bu idman növünün yalnız fiziki hazırlıqla məhdudlaşmadığı, insanın xarakterinin, intizamının və həyat bacarıqlarının formalaşmasında da mühüm rol oynadığı vurğulanır.

Federasiyanın əsas hədəflərindən biri uşaqlar, gənclər və qadınlar arasında cüdoya marağı artırmaqdır. Eyni zamanda valideynlərin diqqətini bu idman növünün övladlarının fiziki və mənəvi inkişafına verdiyi töhfələrə yönəltmək nəzərdə tutulur.

“Doğma dəyərlərlə özünü kəşf etmək üçün səni tatamiyə gözləyirik!” çağırışı ilə tamamlanan film izləyiciləri cüdo ilə məşğul olmağa dəvət edir.

Bu idman növünə qoşulmaq istəyənlər 8558 çağrı mərkəzi vasitəsilə Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.

0
🖨 Çap et ⚑ Şikayət et