DataLife Engine / AFFA bu komandanı liqadan kənarlaşdırdı

AFFA bu komandanı liqadan kənarlaşdırdı

“Zəfər” komandası AFFA U-14 Liqasından kənarlaşdırılıb, daha 4 futbolçu isə növbəti matçı buraxacaq.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi liqada baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.

Noyabrın 21-də keçirilən “Alanyaspor Baku” – “Qafqaz Arena” matçının 52-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alan Şakir Rəşidov meydandan qovulub. “Qafqaz Arena”nın 22 nömrəli futbolçusu 46-cı maddəyə əsasən bir oyunluq cəzalandırılıb.

Ertəsi gün baş tutan “Şamaxı” – “İsmayıllı” qarşılaşmasında da iki oyunçu meydandan kənarlaşdırılıb. 38-ci dəqiqədə ikinci sarı vərəqə alan Nahid Məmmədli 17.5-ci maddəyə, 40-cı dəqiqədə rəqibi aşkar qol vurmaq imkanından məhrum edən Qərib Qəribli isə 46-cı maddəyə əsasən bir oyunluq cəza alıblar.

“Sumqayıt City” – “Məhəllə Uşaqları" (Sumqayıt) matçının 40-cı dəqiqəsində rəqibin aşkar qol imkanını əllə hərəkət etmədən qayda pozuntusu ilə dayandıran Davud Bağırov da bir oyunluq cəzaya məruz qalıb. Qonaqların 6 nömrəli üzvü ilə bağlı qərar 46-cı maddəyə əsasən verilib.

Bundan başqa, “Zəfər”in “Sabah”la oyuna çıxmaqdan imtina etməsi də cəzasız qalmayıb. Bu hal mövsümdə üçüncü dəfə təkrarlandığı üçün komanda 2026-2027-ci il mövsümü üçün liqadan kənarlaşdırılıb. Kollektivin keçirdiyi bütün matçların nəticələri ləğv edilib. Sanksiya İntizam Məcəlləsinin 79.3 və 79.4-cü maddələrinə əsasən tətbiq olunub.

Dünən, 22:10
Geri dön