Misli Premyer Liqasının 12-ci turunda "İmişli" "Zirə" ilə heç-heçə etdi - 2:2.
1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Rəşad Sadıqov iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, "İmişli" ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda... Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olan oyunda qələbə qazanmaq çətindir. Növbəti qarşılaşmalarda bunu dəyişməyə çalışacağıq".