Misli Premyer Liqasının 13-cü turunda "Neftçi" "Palms Sports Arena"da "Zirə"yə qalib gəldi - 1:0.
1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub, amma mənim tərəfimdən heç nə yoxdur. Oyuna gəlincə, futbolçular meydana necə çıxacaqlarını bildilər, bu da xoşuma gəldi. Görüşü iki hissəyə bölək. Birinci hissədə bizim üstünlüyümüz var idi, "Zirə"də hansısa epizod xatırlamıram. Çox tez qol vurduq. Buna baxmayaraq, fürsətlərimiz də oldu, sadəcə reallaşdıra bilmədik. İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. Bundan sonra oyunçularımız uduzmaq istəmirdilər deyə, daha çox müdafiədən oynadılar. Ancaq dözdük, hesabı qoruduq. Bu qələbə bizim üçün çox önəmlidir, irəliyə doğru davam edirik. 85-ci dəqiqədə hətta mərkəz müdafiəçisi meydana buraxdım və oyunu 5-3-2 formatında davam etdirdik. Çünki bilirdik ki, "Zirə" asmalar edir. Onlarda Davit Volkov, eləcə də mərkəz müdafiəçiləri başla çox yaxşı oynayırlar. Elvin Bədəlovu ona görə meydana buraxdım ki, üç müdafiəçimizin üçü də ucaboyludur və asmaların qarşısını alsınlar. Mən də istəyirəm ki, "Neftçi" 90 dəqiqə dominantlıq etsin. Futbol inkişaf edir, yerində durmur. İndiki Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var: "Sabah", "Turan Tovuz", "Kəpəz", "Şamaxı", "Qarabağ", "Zirə" - heç biri asan rəqib deyil. Onlar da hər zaman dominantlıq etmək istəyirlər, məşqçiləri oyunu buna uyğun qururlar. "Sabah" - "Barselona" oyununa baxdınız, deməzdim ki, "Barselona" bütün matçboyu dominantlıq etdi. "Sabah" göstərdi ki, eyni səviyyədə futbol oynaya bilir, hətta ilk qolu da vura bilərdi. "Viktoriya" (Plzen) "Benfika"dan güclüdür? Hesab 4:0 oldu. Komandamızın hər bir üzvünə oyuna olan münasibətinə, zəhmətkeşliklərinə görə minnətdaram. Onlar buna davam etsələr, daha gözəl oyun ortaya qoyacağıq. Rəşad Sadıqov məsələsinə gəldikdə, belə şey xatırlamıram. Mən mübahisə edən biri deyiləm. Ona qarşı heç bir mənfi münasibətim yoxdur, fikirlərim, emosiyalarım oyundakı bəzi epizodlarla bağlıdır. Ona görə bu mövzunu bağlamaq lazımdır. Azarkeşlərimizi salamlayıram, futbolu seyr edən digər şəxslərə də salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərin sayı daha da artacaq. Hamı deyir ki, 90 illiyimizdir, yubileydir. Gəlin, bizə dəstək olun. Onları stadionda görmək çox xoşdur, daha dominant oynamağa çalışacağıq ki, oyun azarkeşlərimizin də xoşuna gəlsin. Azarkeşlər "Neftçi"nin 12-ci oyunçusudur. Baxın görün "Kəpəz" azarkeşləri komandaya necə dəstək göstərirlər. Onlara baxanda ürəyim fərəhlə dolur, sanki Avropa oyunu görürəm. İstəyərdim ki, bizim də stadion tam dolsun. Azarkeşlər irəliyə getməyimiz üçün generator rolunu oynayırlar".